Azərbaycanın Eosen-Miosen yaşlı yanar şistləri: əmələgəlməyə, yayılmaya və neft-qaztörətməyə stratiqrafik nəzarət
Abbasov O.R.
Məqalədə, çoxillik çöl-tədqiqatları əsasında Azərbaycan yanar şistlərinin daha əvəllər məlum olmayan açılışlarına dair yeni məlumatlar təqdim olunur. Yanar şistli fasiyaların yeni yayılma arealları müəyyənləşdirilir. Onların sahə və kəsilişlər üzrə paylanmasında, həmçinin neft və yaxud qaztörətmə xüsusiyyətlərinin formalaşmasında stratiqrafik nəzarətin rolu əsaslandırılır. Eosendə, Alt Maykopda (ilk dəfə olaraq bu tədqiqatda aşkarlanıb) və Miosendə (Üst Maykopda, Çokrakda və Diatomda) formalaşan çökmə hövzələrin və bura gətirilən ana süxurların genezisi ilə əlaqəli tədqiqatlar bəzi qanunauyğunluqların əldə olunmasına imkan vermişdir. Nəticələrimiz, Maykopdan fərqli olaraq, Eosen və Diatom yaşlı yanar şistlərə aid kerogenlərin oxşar təkamül xüsusiyyətləri ehtiva etdiklərini göstərir. Dəniz mühiti ilə daha yaxın əlaqə göstərən Diatom kimi, Eosenə məxsus kerogenlər yalnız neft, lakin şirinsulu və nisbətən intensiv terrigen daxilolmaları şəraitində təkamül tapmış Üst Maykop yaşlı kerogenlər isə əsasən qaz törətmək imkanına malikdirlər.