Azərbaycanın müasir yerüstü qastropodlarının abiogen və üzvi tərkibli qabıqlarının əsas, mikro və bioelementlərinin öyrənilməsi
Əliyeva E.H., İsayev S.A.
Həyata keçirilmiş çöl tədqiqatları zamanı Böyük Qafqaz dağlarının cənub və şimal yamaclarından faunistik material yığılmışdır ki, həmin materiala əsasən Böyük Qafqazın şimal yamacının Azərbaycan sektorunda yerləşən Quba rayonunda yığılmış mövcud həm də nəsli kəsilmiş yerüstü qastropodların qabıqları daxildir. Qubada aşkar edilmiş qastropod nümunələri Böyük Qafqazın cənub yamacına cavab verən Şamaxı, Şəki və Qax rayonlarında, eləcə də Xəzər dənizinin sahilində tapılmış analoqları ilə müqayisə edilmişdir. Tədqiqatlar zamanı Helix lucorum L. cinsinə aid olan 70 qabıq nümunəsi xüsusi analizlərdən keçirilmişdir. Aparılmış analizlər çərçivəsində mollyuskların skelet qalıqlarında üzvi maddələrin tərkibi həm ümumi olaraq, həm də üzvi karbon, zülali azot və fosfor kimi ayrı-ayrı bioelementlər səviyyəsində təhlil olunmuşdur. Tədqiqatlara həmçinin bəzi əsas və mikroelementlərin qabıq cismində paylanmasının təhlili daxil olmuşdur. Həyata keçirilmiş araşdırmalar nəticəsində tədqiqatın predmetini təşkil edən qastropodların qabıq cismlərində kalsium karbonatın və üzvi maddələrin tərkibinə təsir göstərən amillər haqqında mülahizələr irəli sürülmüşdür.