Maxteş Ramon: Cənubi İsraildə strateji əhəmiyyətli çoxkomponentli mineral xammalın unikal təbii-resurs kompleksi
Eppelbaum L.V.¹,²
¹ Tel-Əviv Universiteti, dəqiq elmlər fakültəsi, geofizika kafedrası, İsrail 6997801, Tel-Əviv, Ramat-Əviv
² Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan AZ1010, Bakı, Azadlıq pr., 20
E-poçt: levap@tauex.tau.ac.il
DOI: 10.35714/ggistrat20260200026
Xülasə. Regional geoloji-geofiziki amillərin kompleks təhlili əsasında Maxteş Ramon (Şimali Neqev, İsrail) ərazisi almazlı assosiasiyaların axtarışı üçün perspektivli sahə kimi seçilmişdir. Bu ərazidə özünü aydın şəkildə büruzə verən Orta Təbaşir dövründə üst mantiyada qaynar nöqtə aktivliyinin maksimumu ən mühüm regional amil hesab olunur. Təkrar eroziya prosesləri çökmə süxurlarının əksəriyyətinin yuyulmasına səbəb olmuşdur. Bu isə geokimyəvi və petroloji analizlər üçün mineral nümunələrinin götürülməsini və süxur materialının toplanmasını əhəmiyyətli dərəcədə asanlaşdırmışdır. Maqnit (paleomaqnit), təbii potensial və ion-selektiv məlumatların təhlili Maxteş Ramonun qərb hissəsində, az dərinliklərdə (8–50 m) yerləşən və ehtimal ki, kimberlit (lamproit) mənşəli olan geoloji cisimlərin varlığını birmənalı şəkildə göstərir. Mineraloji tədqiqatlar almazın aşağıdakı peyk-minerallarını müəyyən etməyə imkan vermişdir: xromdiopsid, narıncı qranat, parlaq al-qırmızı pirop, pikroilmenit, moissanit, korund, qara şpinel, olivin, anataz və turmalin. Bu minerallarda oksidləşmənin və ya yuvarlaqlaşmanın olmaması onların ana süxurlarla əlaqəsinin əlavə sübutudur. Elektron mikroskopu məlumatlarına əsasən, pikroilmenit dənələrinin tərkibində kobalt, xrom, maqnezium və nikel, pirop dənələrində isə xrom, maqnezium və alüminium aşkar edilmişdir. Bu isə sözügedən mineralların hiperabissal mənşəli olduğunu göstərir və eyni zamanda almazdaşıyan kimberlit və ya lamproit cisimlərinin mümkün mövcudluğuna işarə edir. İkinci dərəcəli peyk-minerallara çöl şpatları, piroksenlər, maqnetit, hematit, ilmenit, qalenit, pirit, limonit, slyudalar, xromit, leykoksen, sirkon, rutil və s. aiddir. Birinci qrup minerallarla yanaşı, bu mineralların da mövcudluğu tədqiq olunan ərazidə almaz minerallaşmasından xəbər verir. Qızıl və gümüşün kiçik lövhəciklərinin, həmçinin La, Ce, Th, Nb və Ta elementlərinin nəzərəçarpan izlərinin müəyyən edilməsi yaxınlıqda yerləşən kimberlit süxurlarının təzahürü ilə də əlaqəli ola bilər. Sahədə aşkar edilmiş mikroalmazların ümumi sayı 300-dən çoxdur; həmçinin ölçüsü 1 mm-dən böyük olan beş almaz dənəsi də tapılmışdır (ən böyük kristalların ölçüləri 1,2 və 1,35 mm-dir). Gümüş, qızıl və nadir torpaq elementləri ilə bağlı müəyyən edilmiş perspektivli geokimyəvi əlamətlər müstəqil maraq doğura bilər. Beləliklə, geoloji və geofiziki amillərin məcmusu və qeyd olunan mineralların aşkarlanması əsasında Maxteş Ramon ərazisi həm almazlı süxurların, o cümlədən kimberlit və ya lamproit borularının, həm də yumşaq çöküntülərdə almaz kristallarının aşkar edilməsi baxımından perspektivli hesab olunur.
Açar sözlər: qaynar nöqtə, almaz, peyk-mineral, qızıl, nadir torpaq elementləri, geofiziki əlamətlər
